CƏMİYYƏT
İslam ölkələri ətraf mühit nazirlərinin 9-cu konfransı keçiriləcək
![İslam ölkələri ətraf mühit nazirlərinin 9-cu konfransı keçiriləcək](/files/2023/3/1200x630/1697272111282078609_1200x630.jpeg)
Bakı, 14 oktyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanı Krallığı İslam Dünyası Ətraf Mühit Nazirlərinin 9-cu Konfransına ev sahibliyi və sədrlik edəcək.
AZƏRTAC “Saudi Press” informasiya agentliyinə istinadla xəbər verir ki, Krallığın Ekologiya, Su və Kənd Təsərrüfatı Nazirliyinin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə birgə təşkil etdiyi konfrans oktyabrın 18-dən 19-dək Ciddə şəhərində keçiriləcək. Tədbirdə 52 ölkənin ətraf mühit nazirləri və yüksəkvəzifəli şəxsləri, habelə ekologiya məsələləri ilə məşğul olan 30 regional və beynəlxalq təşkilat iştirak edəcək.
Konfransın proqramına bir neçə elmi sessiya daxildir. Birinci sessiya İslam dünyası daxilində yaşıl transformasiya konsepsiyasına toxunaraq, onun təqdim etdiyi çağırışları və imkanları araşdıracaq. İkinci sessiyada dayanıqlı inkişaf məqsədlərinə nail olmaqda süni intellektin və yeni yaranan texnologiyaların rolu müzakirə olunacaq. Nəhayət yekun sessiyada müvafiq sənəd qəbul ediləcək.
Konfransla eyni vaxtda İcraiyyə Bürosunun doqquz üzv dövlətini, eləcə də çoxsaylı regional və beynəlxalq təşkilatları bir araya gətirən Ətraf Mühit üzrə İslam İcraiyyə Bürosunun altıncı iclası da keçiriləcək. Bundan əlavə, tədbir çərçivəsində sərgi təşkil ediləcək.
Nazirlərin görüşü zamanı Ətraf Mühit üzrə İslam İcraiyyə Bürosunun üzvlərinin seçkiləri olacaq. Bundan başqa, onuncu konfransın keçirilmə yeri və tarixi ilə bağlı qərar qəbul ediləcək.
Konfransın əsas məqamlarından biri ətraf mühitin idarə olunması üzrə Səudiyyə Ərəbistanı Krallığı Mükafatının üçüncü nəşrinin təqdimatı olacaq. Bu mötəbər mükafat ətraf mühitin idarə olunmasına böyük töhfələrinə görə 18 İslam ölkəsindən 21 qalibə veriləcək.