İsmayıllıda alça bağında karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb
Bakı, 8 avqust, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən “Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi, həmçinin karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunun müəyyən edilməsi, yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.
Agentliyin Dağlıq Şirvan regional bölməsinin mütəxəssisləri tərəfindən İsmayıllı rayonunun ərazisində həyata keçirilən monitorinqlər zamanı ərazidəki ixrac potensiallı nektarin, alma, gavalı, alça bağlarında fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutun müvafiq sınaq laboratoriyasına təqdim edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müayinə nəticələrinə əsasən İsmayıllı rayonunun Topçu kəndində Əliyev Yasin Ülfət oğluna məxsus alça bağında karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb.
Xəstəliyin daha geniş ərazilərə yayılmaması, xəstəlik ocaqlarının məhdudlaşdırılması və mümkün məhsul itkisinin qarşısının alınması məqsədilə təxirəsalınmaz bitki mühafizə tədbirlərinin görülməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, həmin ərazidə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birlikdə müvafiq fitosanitar tədbirlər həyata keçirilib və təmizləmə işləri aparılıb.