İsmayıllıda güclü qar müşahidə olunur
İsmayıllı, 24 fevral, AZƏRTAC
Ötən gün gecə saatlarından etibarən İsmayıllıda hava şəraiti kəskin dəyişib, güclü qar yağmağa başlayıb.
Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İsmayıllı şəhərində 10 santimetr qalınlığında olan qar rayonun şimal ucqar kənd və qəsəbələrində 25-30 santimetrə çatıb. Qar rayonda su, qaz, işıq və rabitə sahələrində problem yaratmayıb. Lakin yollarda avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Fevralın 24-də səhər tezdən qarın ən çox yağdığı və buz bağlayan ərazilərində vəziyyətə nəzarət edilir. “9 saylı Yol İstismarı” MMC-yə məxsus texnika və canlı qüvvə gecədən rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsi ilə məşğuldur. Yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə səhər tezdən başlayaraq güclü qar örtüyü olan və buz bağlayan Muğanlı-İsmayıllı avtomobil yolunun 0-40 kilometr, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-46 kilometrlik hissələri qardan təmizlənir, yola qum-duz qarışığı səpilib.
Hazırda rayon ərazisində qarın yağması davam edir.