İsmayıllıdakı “Soyqırımı” abidəsi önündə anma mərasimi keçirilib
İsmayıllı, 31 mart, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü İsmayıllıda minlərlə rayon sakininin iştirakı ilə keçirilən kütləvi tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, martın 31-də səhər saatlarında çoxsaylı insan kütləsi İsmayıllının mərkəzindən “Soyqırımı” abidəsinə yürüş edib. Abidənin önündə keçirilən anma mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər son iki yüz il ərzində azərbaycanlılara qarşı törədilən kütləvi qətliamlar barədə danışaraq, bununla əlaqədar tarixi faktları diqqətə çatdırıblar. Şamaxıda, Qubada, İsmayıllının bir sıra kəndlərində həyata keçirilən amansızlıqlardan bəhs edən natiqlər bütün bunların insanlığa, bəşəriyyətə qarşı ağır cinayət olduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Stepan Şaumyanın göstərişi ilə Şamaxı qəzasında erməni quldur dəstələrindən birinin başçısı olan Stepan Lalayan hələ 1917-ci ilin sonları və 1918-ci ilin əvvələrində gizli surətdə bu ərazilərə köçüb gələn erməniləri silahlandırıb. 1918-ci ilin mart-aprel aylarında təpədən dırnağadək silahlanan ermənilər qəza mərkəzi Şamaxıda, habelə Şamaxının 120 kəndindən 86-da kütləvi qırğınlar törədiblər. Soyqırımına məruz qalan azərbaycanlıların yarısı uşaqlar və qadınlar olub.
Mərasimdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdikləri növbəti qətliamlar, etnik təmizləmə siyasəti barədə də konkret məlumatlar verilib.
Çıxışlarda bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğalçılardan azad ediləcəyi gün heç də uzaqda deyil.
Martın 31-də İsmayıllının ermənilər tərəfindən basqınlara məruz qalan və kütləvi qətllər törədilən Tircan, Hacıhətəmli kəndlərində və Basqal qəsəbəsində də anma mərasimləri keçirilib.