İQTİSADİYYAT
İspandilli nəşrlər: Azərbaycan Avropanın tələbatını ödəmək üçün Cənub Qaz Dəhlizini genişləndirməyə hazırdır
Madrid, 2 iyun, AZƏRTAC
İspaniyanın EFE xəbər agentliyinin saytında, İsveçrə İctimai Yayım Korporasiyasının (SRG SSR) “SWI swissinfo.ch” beynəlxalq onlayn platformasının ispan versiyasında “Azərbaycan Avropanın ehtiyaclarına cavab olaraq Cənub Qaz Dəhlizini genişləndirməyə hazırdır” sərlövhəli məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılışındakı çıxışında ölkəmizin Avropanın Azərbaycan qazına tələbatını nəzərə alaraq Cənub Qaz Dəhlizini genişləndirməyə və “qoca qitə”yə xammal tədarükünü artırmağa hazır olduğunu bildirdiyi vurğulanıb.
Yazıda dövlətimizin başçısının Azərbaycan qazına tələbatın sürətlə artması və bunun nəzərə alınmasının vacibliyini ifadə etməsi xüsusi qeyd olunub. Həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə 2020-ci il dekabrın 31-dən Avropaya qaz tədarük edildiyi bildirilərək Azərbaycan Prezidentinin “İndi isə bizə, sadəcə, işləmək, yeni körpüləri salmaq, yeni əlaqələri qurmaq, interkonnektorları yaratmaq və Avropanın qaz bazarında fəaliyyətimizi genişləndirmək qalır”, - sözləri sitat gətirilib.
Yazıda Prezident İlham Əliyevin həmin mərasimdəki çıxışında qeyd etdiyi aşağıdakı fikirlər də ispandilli oxucuların diqqətinə çatdırılıb: “Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik... Cənub Qaz Dəhlizi, artıq söylədiyim kimi, üç boru kəmərindən ibarət vahid boru kəmərləri sistemidir. Onun sonuncu hissəsi - Trans-Adriatik boru kəmərinin buraxıcılıq qabiliyyəti 10 milyard kubmetrdir. İndi isə biz onun genişləndirilməsi haqqında düşünürük, çünki buna ehtiyac var. Əlbəttə, bu, vaxt və çoxlu maliyyə vəsaitlərini, o cümlədən sıx əlaqələndirməni, əməkdaşlığı və bütün iştirakçı ölkələrlə fəal dialoqu tələb edəcək. Biz buna hazırıq. Azərbaycanın Energetika Nazirliyi və Dövlət Neft Şirkəti artıq bütün təlimatlarımı alıblar və onlar fəal danışıqlar aparırlar”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid