İSPANİYA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLLİNƏ TƏRƏFDARDIR
Qonağı səmimi salamlayan Ziyafət Əsgərov demişdir ki, İspaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Elə o vaxtdan ölkələrimiz arasında diplomatik əlaqələr qurulmuşdur. Ötən illər ərzində Azərbaycan İspaniya ilə əlaqələrin inkişafına xüsusi maraq göstərmiş, Milli Məclisdə ispan parlamenti ilə dostluq qrupu yaradılmışdır.
Keçən il İspaniya nümayəndə heyətinin Bakıya səfərindən sonra münasibətlərimiz daha da genişlənməyə başlamışdır. Amma bütün bunlara baxmayaraq, əlaqələrimiz istənilən səviyyəyə çatmamışdır. Azərbaycan bu gün regionda ən çox inkişaf etmiş ölkədir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, TRASECA və digər iri layihələrin həyata keçirilməsi inkişafımızda mühüm rol oynayır. İstərdik ki, ispan iş adamları da ölkəmizdə həyata keçirilən layihələrə qoşulsun və sərmayə yatırsın.
Sonra Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəbləri, acı nəticələri, respublikamızda ermənilər tərəfindən törədilmiş terror aktları barədə qonağa ətraflı məlumat vermişdir.
Səmimi qəbul və ətraflı məlumata görə minnətdarlıq edən Manuel De La Kamara demişdir ki, onun ölkəsi də Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Dünyanın inkişaf etmiş ölkələri sırasında olan İspaniyanın iş adamları Azərbaycanın enerji və iqtisadiyyatının digər sahələrinə sərmayə qoymaq niyyətindədir.
İspaniya hökuməti regionda baş verən prosesləri də diqqətlə izləyir. Rəsmi Madrid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.