İspaniyada uşaqların 33 faizi yoxsulluq həddindədir
Madrid, 21 dekabr, AZƏRTAC
COVID-19 pandemiyası nəticəsində İspaniyada yaranan sosial-iqtisadi böhran uşaq və gənclərə daha çox təsir göstərib.
AZƏRTAC xəbər verir ki, İspaniya Uşaq Platformasının apardığı tədqiqata görə, ölkədə yaşayan uşaq və yeniyetmələrin 33 faizi yoxsulluq və sosial təcrid riskinə məruz qalıb. Bu, bütün əhali üzrə orta göstəricidən 5 faiz bəndi qədər yüksəkdir.
70-dən artıq təşkilatı birləşdirən platformanın apardığı təhlil Milli Statistika İnstitutunun 2021-ci il üzrə məlumatına əsaslanıb.
Uşaq Platformasının direktoru Rikardo İbarranın sözlərinə görə, ağır hallarda yoxsulluq nəsildən-nəslə ötürülür. Yoxsul ailələrdəki ağır iqtisadi vəziyyət koronavirus pandemiyası dövründə daha da gərginləşib.
R.İbarra qeyd edir ki, son 20 il ərzində İspaniyada uşaqlar arasında yoxsulluq göstəricisi 20 faizdən aşağı düşməyib. Orta hesabla Avropada uşaqlara və ailələrə investisiya ÜDM-in 2,4 faizini təşkil etdiyi halda İspaniyada bu göstərici 1,3 faizdir.
Bu siyahıda ilk üçlüyü Almaniya (ÜDM-in 3,4 faizi), Lüksemburq və Danimarka (hərəyə - 3,3 faiz) təşkil edir.
Uşaq Platforması İspaniya hökumətini ailə və uşaqların müdafiəsinə qoyulan cari sərmayəni artırmağa, dövlət yardımı almaq üçün əlçatanlığı yaxşılaşdırmağa və maneələri aradan qaldırmağa, eləcə də ümumi, ödənişsiz, inklüziv və keyfiyyətli məktəbəqədər təhsil sistemi ilə təmin etməyə çağırır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid