REGİONLAR
İspaniyalı professor Gəncə Dövlət Universitetində təcrübə mübadiləsində iştirak edib
Gəncə, 24 iyun, Elcan Məmmədov, AZƏRTAC
İspaniya Krallığının UCAM San Antonio Mursiya Universitetinin professoru Oriol Abellan Aynes Gəncə Dövlət Universitetində (GDU) olub. O, bir həftə ərzində Pedaqoji fakültədə “Erasmus+” KA1 proqramı üzrə təcrübə mübadiləsində iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, professor, həmçinin universitetdə ustad dərsləri keçib və qabiliyyət imtahanının gedişini izləyib. Oriol Abellan Aynesin GDU-da keçdiyi təcrübə mübadilə proqramı bu gün yekunlaşıb. Bununla əlaqədar Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov ispaniyalı qonaqla görüş keçirib. Görüşdə universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və şöbə müdiri Razim Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov iştirak ediblər.
Rektor Yusif Yusibov UCAM San Antonio Mursiya Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Oriol Abellan Aynes Gəncə Dövlət Universitetində müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də tədris prosesinin təşkilini yüksək qiymətləndirib.
Sonra qonaq Pedaqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasının əməkdaşları ilə görüşüb. Bununla yanaşı, o, universitetin digər tədris korpusları ilə yaxından tanış olub.