İSRAİLDƏ 20 YANVAR FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 21 yanvar (AZƏRTAC). İsrailin Akko şəhərində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİs) 20 Yanvar faciəsinin iyirminci ildönümü ilə əlaqədar anma mərasimi keçirmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə əsasən Azərbaycandan köçmüş yəhudi icmasının nümayəndələri, o cümlədən İsrailin müxtəlif şəhərlərindən gəlmiş həmin qanlı hadisələrin canlı şahidləri iştirak etmişlər.
İştirakçılar Azİs-in nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin 20 Yanvar faciəsi ilə bağlı hazırladığı sərgiyə baxmışlar. Sərgidə hadisə baş verən vaxt Bakıda yaşayan və Qara Yanvarın canlı şahid olan Boris Dobinin yüzdən çox fotoşəkilləri də yer almışdır.
Azİs-in vitse-prezidenti, Akko şəhər bələdiyyəsinin deputatı Nexemiya Mixaeli çıxışında 1990-cı il yanvarın 20-də Sovet ordusunun Bakıda Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan insanları vəhşicəsinə qətlə yetirdiyi, yüzlərlər insanı isə yaraladığını, şəhərə ciddi və böyük ziyan vurduğunu bildirmişdir.
Azİs prezidenti, Knessetin sabiq deputatı, yaziçi İosif Şaqal isə demişdir ki, Sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi bu dəhşətli terror aktı, ölümün insanların öz evində, həyətində, avtobuslarda, iş yerində yaxaladığı bu qətliam dünyada insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdəndir. Buna görə də həmin hadisə hər zaman sivilizasiya tarixinin qara səhifəsi olaraq qalacaqdır.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman isə bildirmişdir ki, SSRİ rəhbərliyinin Bakıya qoşun yeritməsi Azərbaycan xalqının milli qürurunu silah gücünə sındırmaq məqsədi daşıyırdı. Amma Qanlı Yanvar hadisələri suveren, demokratik dövlət qurmaq yolunda çalışan çoxmillətli Azərbaycan ictimaiyyətini daha da qüvvətləndirdi, möhkəmləndirdi.
Azərbaycanın Dünya Dağ Yəhudiləri Konqresinin vitse-prezidenti Matvey Yelizarovun və AZAL aviaşirkətinin İsraildəki nümayəndəliyinin rəhbəri İrmik Abayevin iştirak etdikləri mərasimdə Azərbaycan dilində şeir yazan şair Anton Aqarunov, yazıçı-publisist Frida Yusifova da faciə ilə bağlı fikirlərini bölüşmüşlər.
######
![]() |
![]() |

