İstanbul Beynəlxalq Hava Limanı bir ay ərzində 6 milyondan çox sərnişinə xidmət göstərib
İstanbul, 21 fevral, AZƏRTAC
İstanbul Beynəlxalq Hava Limanında sərnişin axını 2024-cü ilin yanvarında 6 milyon nəfəri üstələyib ki, bu da ötən ildəki göstəricidən təxminən 350 min nəfər və ya 6 faiz çoxdur.
AZƏRTAC Türkiyənin Dövlət Hava Limanları Baş İdarəsinə (DHMİ) istinadla xəbər verir ki, ölkənin ən iri hava limanından cari ilin yanvarında bütövlükdə 6 milyon 1 min 43 nəfər istifadə edib. İstanbul aeroportunun daxili reyslərindən 1 milyon 234 min 576 sərnişin, beynəlxalq reyslərdən 4 milyon 767 min 43 sərnişin yararlanıb.
DHMİ-nin statistikasına görə, 2023-cü ilin yanvarında İstanbul hava limanında sərnişin axını bütövlükdə 5 milyon 653 min 639 nəfər (4 milyon 435 min 402 nəfər beynəlxalq reyslərlə, 1 milyon 218 min 237 nəfər daxili reyslərlə) təşkil edib.
Meqapolisin sərnişin sayına görə ikinci aeroportu olan Sabiha Gökçen 2024-cü ilin yanvarında 3 milyondan çox sərnişinə xidmət edib.
DHMİ-nin məlumatına görə, Sabiha Gökçen aeroportundan cari ilin ilk ayında daxili reyslərlə 1 milyon 446 min 739 sərnişin, beynəlxalq reyslərlə isə 1 milyon 708 min 314 sərnişin uçub. Bu, bütövlükdə ötən ilin müvafiq göstəricisindən 13 faiz çoxdur.
“Eurocontrol” aeronaviqasiya təhlükəsizliyi təşkilatı İstanbul hava limanını dəfələrlə Avropa aviahabında ən çox sərnişin axını olan aeroport adına layiq görüb.