İstanbulda Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı yürüş və konfrans keçirilmişdir
İstanbul, 24 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı İstanbul şəhərində yürüş və konfrans keçirilmişdir.
Əllərində “Xocalıya ədalət!”, “Xocalı bir soyqırımdır”, “Ermənilər Qarabağdan rədd olsun” şüarları və plakatlar olan insanlar Dolmabaxça sarayının qarşısından Beşiktaş meydanına yürüş etmişlər. Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı yürüşdə Qazaxıstan və Qırğızıstanın dövlət bayraqları da olmuşdur.
AZƏRTAC xəbər verir ki, yürüş Beşiktaş meydanında mətbuat üçün açıqlama ilə başa çatmışdır. Açıqlamada bildirilmişdir ki, bütün dünya Xocalı soyqırımını tanımalı və hüquqi qiymət verməlidir. Azərbaycan xalqı tezliklə öz doğma torpaqlarını Ermənistanın işğalından qurtaracaq və Xankəndində bayrağımız dalğalanacaqdır.
Sonra İstanbulun Üsküdar rayonundakı Altunizade Kültür Mərkəzində Azərbaycanın İstanbuldakı baş konsulluğunun dəstəyi ilə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkil etdiyi konfrans keçirilmişdir.
Konfrans iştirakçıları Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, Heydər Əliyev Fondunun sifarişi ilə lentə alınmış sənədli filmə tamaşa etmişlər.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov çıxışında bildirmişdir ki, bütün beynəlxalq konvensiyalar və hüquq normalarına görə Xocalı qətliamı bir soyqırımdır. Əsrlər boyu bu cür cinayətlər törədən ermənilər havadarlarının yardımından istifadə edərək Anadolu və Azərbaycanda dinc əhalini qətl etmişlər. “Biz inanırıq ki, dünyada ikili standartlar sona çatacaq və Xocalı soyqırımına hüquqi qiymət veriləcəkdir. Bu vəhşi qətliamın günahkarları, başda Ermənistanın bugünkü rəhbərliyi olmaqla öz cəzalarını alacaqlar” - deyə konsul bildirmişdir.
Baş konsul vurğulamışdır ki, bu gün Azərbaycan qüdrətli iqtisadiyyatı və güclü ordusu olan bir dövlətdir. Təkcə hərbi xərclərimiz bütövlükdə Ermənistanın dövlət büdcəsindən qat-qat çoxdur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, biz torpaqlarımızı işğaldan azad etməyə qadirik və danışıqlar prosesi nəticəsiz olarsa biz bunu edəcəyik.
Konfrans çərçivəsində Xocalı soyqırımını əks etdirən fotosərgi ilə tanışlıq olmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul