DÜNYA
İsveç iqtisadiyyatının artımının sürətləndirilməsi proqnozlaşdırılır
Stokholm, 5 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) yeni proqnozuna görə, İsveç iqtisadiyyatının artımı 2024-cü ildə 1,8 faiz təşkil edəcək, 2026-cı ilə qədər isə 2,8 faizə qədər yüksələcək. Bu, cəmi 0,6 faiz artım gözlənilən cari illə müqayisədə nəzərəçarpacaq irəliləyişdir.
AZƏRTAC xəbər verir ki, İƏİT iqtisadçılarının fikrincə, aşağı inflyasiya və zəif daxili tələbat iqtisadi inkişafı dəstəkləmək üçün faiz dərəcələrinin aşağı salınması kimi əlavə tədbirlər tələb edir. Təşkilat aşağı ixtisaslı əməkdaşların, yaşlı insanların və immiqrantların daha çox işə cəlb olunmasını tövsiyə edir, eləcə də icarə haqqının tənzimlənməsində islahatlar aparmağa çağırır.
Təşkilatın iqtisadçılarının fikrincə, ekoloji transformasiyalara və iqlim məqsədlərinə nail olunmasına mane olmamaq üçün aviasiya və nəqliyyat daşınmalarında qazıntı yanacaq vergilərinin azaldılması üzrə planlara yenidən baxılmalıdır. Tikinti xərclərinin aşağı düşməsi və kredit şərtlərinin yaxşılaşdırılması sayəsində investisiyalar da arta bilər.
Stimullaşdırıcı tədbirlər və iqtisadi artım fonunda inflyasiyanın 2 faizə yüksələcəyi proqnozlaşdırılır. Lakin İƏİT xəbərdarlıq edir ki, İsveçin ixraca əsaslanan iqtisadiyyatı qlobal ticarətdə mümkün mənfi dəyişikliklərə qarşı həssasdır.