İsveçdə “Campylobacter” virusuna yoluxma halları qeydə alınıb
Stokholm, 30 iyul, Nərgiz Cəfərli, AZƏRTAC
Son həftələrdə İsveçdə “Campylobacter” bakteriyasının səbəb olduğu bağırsaq infeksiyası hallarının sayında əhəmiyyətli artım müşahidə olunub.
AZƏRTAC xəbər verir ki, İctimai Səhiyyə Agentliyinin məlumatına görə, qeydə alınan yoluxma hallarının sayı iyunun əvvəlində 30, ötən həftə isə 200-dən çox olub.
Agentliyin mütəxəssislərinin sözlərinə görə, yoluxma hallarının artması mövsümi xarakter daşıyır və adətən avqustda pik həddə çatır. Əsas infeksiya mənbəyi toyuq ətidir. “Campylobacter” insanlarda ishal, qızdırma və ürək bulanmasına səbəb olur. Əksər hallarda simptomlar bir neçə gün ərzində öz-özünə yox olur. Xəstəliyin daha ağır formaları nadir haldır.
İnfeksiyanın qarşısını almaq üçün mütəxəssislər əti yaxşıca (70°C-yə qədər) bişirməyi, çiy və bişmiş yeməklər üçün eyni qablardan istifadə etməməyi, mətbəxdə gigiyena qaydalarına riayət etməyi tövsiyə edirlər. Bakteriya pasterizə edilməmiş süd, ev heyvanları və çirklənmiş su vasitəsilə də ötürülə bilər.
İnfeksiya halları mütləq qeydə alınmalıdır, su və ya qida məhsulları ilə bağlı mümkün yoluxma halları barədə isə yerli ekoloji orqanlar dərhal məlumatlandırılmalıdır.