İsveçdə uşaqlarda fıstığa olan allergiya hallarını azaltmağın yolu tapılıb
Stokholm, 8 may, AZƏRTAC
İsveç alimləri azyaşlı uşaqlarda fıstığa olan allergiya hallarının müalicəsində ümidverici nəticələr əldə ediblər.
AZƏRTAC xəbər verir ki, “The Lancet Regional Health – Europe” jurnalında dərc olunmuş araşdırma göstərib ki, tədricən kiçik dozalarda fıstığın qəbulu bədənin allergenə uyğunlaşmasına kömək edir və ağır reaksiya riskini əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqatda fıstığa təsdiqlənmiş allergiyası olan bir ildən üç yaşa qədər 75 uşaq iştirak edib. Onların bir hissəsinə tibbi nəzarət altında gündəlik fıstıq qəlyanaltısı verilib. Digər qrup isə fıstıqdan tamamilə imtina edib. Müalicə üç il davam edib.
Nəticələr təsirli olub. Terapiya alan uşaqların 82 faizi allergik reaksiya olmadan bir neçə fıstıq yeyə bilib. Müalicə almayan uşaqlar arasında isə bu təsir yalnız 12 faiz müşahidə olunub.
Tədqiqatın müəlliflərindən biri olan Karolina İnstitutundan Karolina Nilssonun sözlərinə görə, metod allergiyanı tamamilə aradan qaldırmır, lakin fıstıq təsadüfən qidaya düşdükdə uşaqlara daha təhlükəsiz şəkildə bunun öhdəsindən gəlməyə kömək edir.
Mütəxəssislər vurğulayırlar ki, bu terapiyanı evdə müstəqil şəkildə tətbiq etmək olmaz, çünki o, ağır allergik reaksiyalara səbəb ola bilər və yalnız tibbi nəzarət altında aparılmalıdır.
“Təəssüf ki, fıstığa allergiyası olan böyüklərdə aparılan tədqiqatlar göstərir ki, terapiya onlara o qədər də təsir etmir”, - deyə K.Nilsson qeyd edib.
Nərgiz Cəfərli