İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ PASKAL KUŞPEN SƏNGƏÇAL NEFT TERMİNALI İLƏ TANIŞ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və onu müşayiət edən nümayəndə heyəti mayın 11-də Səngəçal neft terminalında olmuşdur.
Xəzər Enerji Mərkəzindən başlanmış tanışlıq zamanı “Əsrin müqaviləsi”nə əsasən neft-qaz layihələrinin qovuşduğu neft terminalının rəhbərləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qonaqlara mərkəz barədə ətraflı məlumat verdilər, enerji layihələri haqqında slaydlar nümayiş etdirildi.
Qonaqlara bildirildi ki, inşasına 2001-ci ildən başlanmış terminalda tutumu 880 min barrel olan 3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır. Buraya fiberoptik rabitə kabelləri, sahildən 187 kilometr aralıda yerləşən dəniz yataqlarından sualtı neft və qaz kəmərləri çəkilmişdir.
Sonra isveçrəli qonaqlar avtobusla terminalın ərazisini gəzdilər. Onlara buradakı texnoloji proseslər barədə də ətraflı məlumat verildi.
######
![]() |
![]() |

