İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ PASKAL KUŞPENİN NİTQİ
-Hörmətli cənab Prezident,
Xanımlar və cənablar!
İndi, bu gün axşam İsveçrə Konfederasiyasının Prezidenti kimi ilk rəsmi səfərimlə bağlı təəssüratları bölüşmək növbəsi mənimdir. Sizin burada söylədiyiniz fikirlərə mən tam şərik çıxıram. Əminəm ki, çox mehriban münasibətlərə əsaslanaraq, ölkələrimiz gələcəyə doğru birgə addımlar ata və mədəni, iqtisadi və siyasi inkişaf sahəsində nəticələr əldə etmək üçün bir-birinə kömək edə bilər.
Mən ölkəniz haqqında çox eşitmişdim. Cənab Prezident, mən Sizinlə bu il iki dəfə İsveçrədə görüşmüşəm. Lakin onu deyə bilərəm ki, yarım saat vaxt ərzində Azərbaycanın bütün gözəlliyini təsvir etmək mümkün deyildir. Mən müasir dünyaya açıq olan, inkişaf edən cəmiyyəti ilə seçilən, yaxşı təhsil almış gənclərə malik və nəhayət, tutduğu yolla qətiyyətli və vətənpərvərlik hissləri ilə addımlayan, vətəndaşlarının həyatını yaxşılaşdırmağa çalışan siyasi rəhbərliyi olan ölkəni özüm üçün kəşf etdim.
Siz atanızın əsas tutduğu eyni fəlsəfəni davam etdirirsiniz. Elə indicə, biz Heydər Əliyev Fondunu ziyarət edərək, atanızın, demək olar, həyatı ilə addım-addım tanış olduq. İnanıram ki, o, Sizi və hökumətinizin üzvlərini öz işlərinizdə şövqləndirən şəxsiyyətdir.
İsveçrənin də kəşməkəşli tarixi olubdur. Biz Avropanın mərkəzində yerləşirik və əvvəllər böyük dövlətlərdən asılı idik. Lakin biz uğurlar əldə etdik, baxmayaraq ki, onlar da asan olmamışdır. Bəzi hallarda güzəştlərə gedirdik və həll yollarını araşdırırdıq. Bir çox söhbətlər və mübahisələr olurdu. Lakin ölkəmizin azadlığını qoruyub saxlaya bildik. Bu gün isə biz bütün Avropa ölkələrinin tərəfdar çıxdığı dəyərləri təşviq edirik.
Azərbaycan Avropa məkanına aiddir. Ölkəniz ümumi dəyərləri bölüşmək istəyir və bunu edir. Bu amil, hətta iqtisadi münasibətlərdən daha çox bizi bir-birimizə bağlayır. Bilirik ki, həmin dəyərləri ümumi şəkildə bölüşmək ölkələr üçün vacibdir. Sizin rəhbərliyiniz altında ölkənizin iqtisadi inkişaf sürəti mənə böyük təəssürat bağışladı. Hesab edirəm ki, sizin kimi rəhbərin olması və neft amili istənilən hər bir ölkə üçün ideal variantdır.
Mən öz badəmi şəxsən Sizin, birinci xanımın, Heydər Əliyev Fondunun prezidenti xanım Əliyevanın sağlığına və ölkənizin hakimiyyət orqanlarının, cənab spikerin, burada əyləşən nazirlərin, dostlarımızın sağlığına və ölkənizin şərəfinə qaldırmaq istəyirəm.
X X X
Sonra incəsənət ustalarının iştirakı ilə konsert oldu.
######
