SİYASƏT
İsveçrə mətbuatında Azərbaycanın bu ölkə ilə iqtisadi əlaqələrinə dair materiallar dərc olunub
Bern, 27 oktyabr, AZƏRTAC
İsveçrənin bir neçə mətbu orqanında bu ölkənin Azərbaycanla iqtisadi əlaqələrinə həsr olunmuş məqalələr dərc olunub.
AZƏRTAC xəbər verir ki, alman (Neue Schweizer Zeitung) və fransızdilli portallarda (Swiss.day) yerləşdirilən məqalələrdə Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərovun açıqlamaları əsasında tərtib olunub. Səfirin mətbuat konfransında çıxışına istinadla bildirilib ki, bu ilin əvvəlindən indiyədək Azərbaycan İsveçrəyə 230 milyon İsveçrə frankı dəyərində neft ixrac edib və isveçrəli tərəfdaşlarla əməkdaşlıq uğurla inkişaf edir. Hazırda İsveçrədə neft ehtiyatının təxminən 70 faizi İtaliyadan keçməklə Azərbaycandan gəlir və Azərbaycan Avropanın, eləcə də İsveçrənin qazla təminatında da ciddi rol oynayır.
Diqqətə çatdırılıb ki, Azərbaycan və Avropa İttifaqı Azərbaycandan Avropaya qaz nəqlinin həcmini 2025-ci ilə kimi iki dəfə artırmağı planlaşdırırlar. Avropaya neft və qaz nəqlinin artımı İsveçrənin də təminatına müsbət təsir göstərəcək.
Məqalələrdə 44 günlük Vətən müharibəsindən sonra aparılan danışıqlar prosesi, sülh müqaviləsi istiqamətində Azərbaycanın səyləri, bununla bağlı Azərbaycan səfirinin optimist qeydlərinə də diqqət ayrılıb. Həmçinin son dövrlərdə Azərbaycanın xaricdəki diplomatik missiyalarına qarşı törədilən təxribat və hücumlarla bağlı vəziyyətə toxunulub, eyni halın İsveçrədə təkrarlanmaması istiqamətində yerli rəsmi qurumlarla iş aparıldığı qeyd edilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern