İSVEÇRƏ PREZİDENTİ PASKAL KUŞPENİN BƏYANATI
-Azərbaycana səfər etməkdən və Prezident İlham Əliyevlə görüşməkdən məmnunam. Biz onunla bu ilin əvvəlində Davosda görüşmüşük. Orada görüşümüz qısa oldu. İki ay bundan əvvəl isə NATO-nun Buxarest sammitində görüşmüşük. İsveçrə Prezidenti üçün bu səfər ölkənizdə baş verənlərin şəxsən şahidi olmaq baxımından yaxşı imkandır. Deyim ki, ölkənizin inkişafından çox təəssüratlandım. Bu inkişafda əsas tərəflərin və xüsusilə də dövlət başçısının, siyasi rəhbərliyin açıqlığını qeyd etməliyəm. Səhərki danışıqlarımız çox konstruktiv şəkildə keçdi. Biz iqtisadi əməkdaşlığı daha da genişləndirmək fikrini bölüşdük. İsveçrə şirkətlərinin nümayəndələri tikinti və energetika sektorunda fəaliyyət göstərmək üçün bizə müraciət ediblər və cənab Prezidentin dediyi kimi, böyük layihələr həyata keçirilir. Xəyallarda yox, reallıqda. İsveçrə şirkətləri Azərbaycana sərmayə qoymağa hazırdır. Çünki onlar Azərbaycanın və regionun gələcəyinə inanır. Azərbaycan dünyanın bu regionunun inkişafına müsbət təsir göstərir.
Eyni zamanda, mədəni sahədə əlaqələrimizin genişləndirilməsini müzakirə etdik. Bu mənada artıq son illərdə həm İsveçrədə, həm də Azərbaycanda bir neçə mədəni tədbirlər keçirilmişdir. Burada mən beynəlxalq caz festivalını qeyd etmək istərdim. Mədəniyyət və turizm nazirinizin sözlərinə görə, o, İsveçrədə keçirilən caz festivalında iştirak etmişdir.
Biz regionda siyasi vəziyyəti, gələcəyi və qonşularından biri tərəfindən münaqişəyə məruz qalan Azərbaycanın mövqeyini də müzakirə etdik. Eyni zamanda, Minsk qrupunun fəaliyyəti və nəticələrin ləng olması ilə bağlı fikir mübadiləsi apardıq. Ümid edirik ki, münaqişə yaxın gələcəkdə öz həllini tapacaq, çünki, bu, regionun inkişafı üçün çox vacibdir. Biz Azərbaycanda keçiriləcək seçkilər barədə də danışdıq. Bundan əlavə, görüşlərimizin və əlaqələrimizin yaxşı səviyyədə olduğunu vurğuladıq. Lakin biz bu istiqamətdə konkret addımlar atmaq istəyirik ki, ticari-iqtisadi, siyasi və mədəni əlaqələrimizi daha da inkişaf etdirək. Sizin qonaqpərvərliyinizə görə dərin təşəkkürümü bildirirəm və Sizi İsveçrədə görməkdən məmnun olaram.