İSVEÇRƏ PREZİDENTİ “QARADAĞ SEMENT” ASC-DƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və ölkəmizə səfərdə onu müşayiət edən nümayəndə heyətinin üzvləri mayın 11-də “Qaradağ Sement” ASC-də olmuşlar.
Ali qonağa məlumat verildi ki, “Qaradağ Sement” zavodu təxminən 60 il əvvəl tikilmişdi və ilk vaxtlar iki fırlanan sobası vardı. Keçmiş Sovet İttifaqında kütləvi şəkildə aparılan tikinti işlərinin sementlə təmin edilməsində bu zavodun çox böyük rolu olmuşdur. Sonralar sementə tələbatın artması ilə əlaqədar, 1957-1964-cü illərdə daha 3 fırlanan soba istifadəyə verilmişdi.
İstehsal gücünə görə Cənubi Qafqazda bu tipli ən iri müəssisə olan zavodda SSRİ-də ilk dəfə tamponaj sementi istehsalına başlanmışdı. 1970-ci illərdə müəssisədə məhsul istehsalının həcmi 1,5 milyon tona çatdırılmışdı. Lakin Sovet İttifaqının dağılmasından sonra zavodda istehsal minimuma enmişdi.
1999-cu ildə zavod İsveçrənin “Holsim” şirkəti tərəfindən özəlləşdirilmişdir və o vaxtdan “Qaradağ Sement” Açıq Səhmdar Cəmiyyəti adlanır.
Şirkətin səyləri nəticəsində sement istehsalının həcmi 2003-cü ildə 900 min tona, 2004-cü ildə isə 1 milyon 140 min tona çatdırılmışdı. 2008-ci ildə 1 milyon 330 min ton sement istehsal etmək nəzərdə tutulur. Hazırda müəssisədə 4 fırlanan soba işləyir.
İsveçrə Prezidenti avtobusla müəssisənin ərazisini gəzdi, texnoloji proseslə tanış oldu.
######
|
|
![]() |

