İT ŞƏKƏRLİ DİABETDƏN ƏZİYYƏT ÇƏKƏN SAHİBİNİ ÖLÜMDƏN QURTARMIŞDIR
VİTA fondunun nüfuzlu mükafatına layiq görülən ilk heyvandır. Bu fond mobil telefonların fövqəladə hallarda “yardımçı” vasitə kimi reklamı ilə məşğuldur.
Florida sakini Kevin Uiver ikiyaşar Belli özünə həmdəm kimi almışdı. Lakin şəkərli diabet xəstələrinin itlərini təlim etməkdə ixtisaslaşan assosiasiya barədə eşidəndən sonra qərara gəlmişdi ki, onun iti də belə təlim kursu keçməlidir.
Bell gündə bir neçə dəfə sahibini dili ilə yalamaqla və burnunun ucunu iyləməklə, qanındakı şəkərin faizini müəyyənləşdirməyi öyrənmişdir. Şəkərin səviyyəsi qalxanda ulamaq, yaxud pəncəsi ilə bir neçə dəfə vurmaqla xəbərdar edirmiş. Uver demişdir: “O, hər dəfə belə edəndə dərhal cihazı götürür və vəziyyətimi yoxlayırdım. Bell heç vaxt səhv etmirdi”.
Bu il fevralın 7-də səhər yuxudan oyanan Uiver özünü pis hiss etmişdir. İt ulayır, pəncəsi ilə onu itəliyirdi, lakin sahibi itin bunu gəzmək istədiyi üçün etdiyini fikirləşir. Bir neçə dəqiqədən sonra o, özündən gedir.
Bell dərhal sahibinin əl telefonunu taparaq, heyvan, təlimçisinin öyrətdiyi kimi, dişləri ilə 9 rəqəmini basır. “911” xidmətinin nömrəsi proqramlaşdırıldığı üçün “təcili yardım” maşını bir neçə dəqiqədən sonra hadisə yerinə gəlir.
Bu, heyvanların sahibini xilas etdiyi ilk hadisə deyildir. Məsələn, Kolambus şəhərində pişik 911 nömrəsini yığaraq, mikroinsult keçirən sahibini xilas etmişdir.