İDMAN
İtaliya KİV-i Azərbaycan Qran-Prisində “Ferrari”nin uğursuz çıxışını sərt tənqid ediblər
Bakı, 14 iyun, AZƏRTAC
Formula 1 çempionatının Azərbaycan mərhələsində pouldan start götürən “Ferrari”nin pilotu Şarl Lekler komanda yoldaşı Karlos Sayns kimi mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın idman mətbuatı uik-endin yekunlarını emosional şəkildə şərh edib.
“Gazzetta dello Sport”: “Ferrari”nin şansı Leklerin daha bir dayanan mühərrikindən çıxan tüstü ilə birgə uçub gedir. Mühərrik sıradan çıxmayanadək bir qayda olaraq monakolu pilot sürətli idi. Komanda və azarkeşlər üçün bu, ciddi zərbədir. Mövsüm Ferstappen üçün olduqca asan davam edir, “Ferrari” üçün isə getdikcə hər yürüş çətinləşir”.
“Corriere dello Sport”: “Pouldan dağıdıcı məğlubiyyətədək 24 saatdan az vaxt keçib. “Ferrari” oyundan çıxır, Fesrtappen qalib gəlir. Üzlərdə ümidsizlik və kədər”.
“Tuttosport”: “Maranello, problemlərimiz var! Monakoda “Ferrari”ni uğursuz strategiyaya görə tənqid etdilər, lakin əsl zəif yer - güc qurğusunun etibarlılığıdır”.
“La Stampa”: “Ferstappen minimum səylə maksimum nəticəyə nail oldu. Bakıda məğlubiyyət “Ferrari” üçün uzunmüddətli neqativ fəsadlar törədəcək, Lekler isə çempion titulunu itirə bilər”.
“Corriere della Sera”: “Nəzərə çarpan pouldan sonra uğursuzluq Leklerə böyük zərbə vurdu”.
“La Repubblica”: “Ferrari”nin güc qurğusu ötən mövsümlərlə müqayisədə irəliyə böyük addım oldu, lakin bu irəliləyiş baha başa gəldi. “Ferrari” böyük güc üçün həddən artıq riskə getmirmi? Komandanın rəhbəri Mattia Binotto bunu inkar edir, lakin “Ferrari”nin Bakıdakı biabırçılığının izahı olmalıdır”.