SİYASƏT
İtaliya saytları Prezident İlham Əliyevin xalqa müraciətini diqqətdə saxlayıb


Roma, 22 sentyabr, AZƏRTAC
İtaliyanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin xalqa müraciətini və Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərini diqqət mərkəzində saxlayıb.
AZƏRTAC xəbər verir ki, “insideover.com”, “quotidiano.net”, “ilmanifesto.it”, “ilfattoquotidiano.it”, “lagazzettadelmezzogiorno.it”, “ilpost”, “unita.it” kimi saytlarda dərc edilən yazılarda Prezident İlham Əliyevin müraciəti zamanı lokal xarakterli antiterror tədbirləri çərçivəsində qarşıda duran bütün vəzifələrin yerinə yetirildiyini, terrorçuların cəzalandırıldığını və Azərbaycanın öz suverenliyini bərpa etdiyini vurğuladığı qeyd olunub.
Oxucuların diqqətinə çatdırılıb ki, sentyabrın 21-də Yevlax şəhərində Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən rəsmilərlə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında görüş keçirilib, gələcək birgəyaşayış məsələsi müzakirə olunub, Azərbaycan Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.
Yazılarda, həmçinin Ermənistan silahlı qüvvələrinin qanunsuz birləşmələri tərəfindən ölkəmizə qarşı törədilmiş təxribatlar və mina terroru nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olmasının Azərbaycanın sentyabrın 19-da Qarabağ iqtisadi rayonundakı erməni silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək çıxarılması, bölgədə təhlükəsizliyin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərini həyata keçirməyə məcbur etdiyi qeyd olunub. Sentyabrın 20-də saat 13:00 radələrində isə antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdiyi bildirilib.
Xəbərlərdə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında Azərbaycanın ərazi bütövlüyünü qoruması üçün atdığı addımları dəstəklədiklərini, Qarabağın Azərbaycan torpağı olduğunu vurğuladığı da xatırladılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma