İtaliyanın AGİ agentliyinin oxucuları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin AGİ agentliyinə müsahibəsində Ermənistanın təcavüzkar siyasəti barədə danışıb. O, bu siyasət nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon daxil olmaqla, Azərbaycanın iyirmi faiz ərazisinin işğal olunduğunu, Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozaraq işğal edilmiş ərazilərdə dinc əhaliyə qarşı qətliam törətdiyini, bir milyon azərbaycanlını öz torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirdiyini deyib.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, səfir Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, BMT Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun müvafiq sənədlərinə, habelə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin status-kvonun qəbuledilməz olduğu barədə bəyanatlarına Ermənistan tərəfindən məhəl qoyulmadığını vurğulayıb.
Diplomat qeyd edib ki, Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına əməl etmək əvəzinə, münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atır. Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etmək üçün beynəlxalq ictimaiyyət Ermənistandan ilk növbədə Azərbaycanın işğal olunmuş bütün ərazilərindən silahlı qüvvələrini çıxarmasını qəti şəkildə tələb etməlidir. Məsələ ilə bağlı diplomat Ermənistanı Azərbaycana qarşı davam etdirdiyi təcavüzünə görə sərt şəkildə qınaması və ondan BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsini tələb etməsi üçün İtaliya tərəfinə çağırış edib.
“Ümid edək ki, nəhayət bu dəfə Ermənistan baş verənlərdən nəticə çıxaracaq, danışıqlarda konstruktiv mövqe nümayiş etdirəcək və silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxaracaq”, - deyən M.Əhmədzadə əlavə edib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.