İtaliyanın Baş naziri: Qərbi Balkan ölkələrinin Avropa İttifaqına inteqrasiyası strateji məsələdir
Roma, 4 aprel, AZƏRTAC
Qərbi Balkan regionu ölkələrinin Avropa İttifaqına (Aİ) inteqrasiyası müasir beynəlxalq kontekstdə hibrid və kiber təhdidlər fonunda qitənin təhlükəsizliyi, eləcə də bölgənin sabitliyi baxımından strateji məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Qərbi Balkan ölkələrinin xarici işlər nazirlərinin Romada keçirilən toplantısına ünvanlandığı videomüraciətində deyib.
C.Meloni bildirib ki, Qərbi Balkan regionu İtaliya üçün hər zaman strateji əhəmiyyət kəsb edib. Hökumət İtaliyanın siyasi, iqtisadi və mədəni baxımdan daha çox bu regiona fokuslanmasını hədəfləyir.
İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin sədrliyi ilə keçirilən toplantıda Avropa Komissiyasının Qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varhelyi, Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani, Kosovonun xarici işlər naziri Donika Qervalla-Şvars, Albaniyanın xarici işlər naziri Olta Xaçka iştirak ediblər.
A.Tayani Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlük prosesində Avropa tərəfində müəyyən gecikmələrin olduğunu, lakin indi itirilmiş vaxtın bərpasının vacibliyin qeyd edib. Deyib ki, həmin ölkələrin Avropa İttifaqına inteqrasiyası prosesi hazırda prioritet mövzulardan birinə çevrilib.
Toplantıda Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyası, əməkdaşlığın inkişafı və regional təhlükəsizlik məsələləri müzakirə olunub. İlin sonuna kimi region ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin, eləcə də birgə sammitin keçirilməsi nəzərdə tutulur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma