IX Bakı Beynəlxalq Kitab Sərgisi: Müasir ədəbi proseslər və yeni trendlər hansılardır?
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə IX Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Müasir ədəbi proseslər və yeni trendlər” mövzusunda panel diskussiya təşkil olunub.
AZƏRTAC xəbər verir ki, moderatoru Adəm Bakuvinin olduğu paneldə Milli Məclisin deputatı Etibar Əliyev, televiziya tənqidçisi, BDU-nun professoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Qulu Məhərrəmli, tanınmış jurnalist, şair Həmid Herisçi iştirak ediblər, suallar ətrafında öz fikirlərini bölüşüblər.
Əvvəlcə müasir ədəbi mühit və cərəyanlar barədə danışılıb, müxtəlif fikirlər, yanaşmalar təqdim edilib. Son zamanlar Azərbaycan ədəbiyyatında bu mövzuların inkişafı, beynəlxalq səviyyədə təcrübə, milli naşirlərin xarici mətbuatda, kitab sərgilərində təqdimatı, həmçinin onların tərcümələrinin düzgünlüyü, eləcə də kitab çapı sahəsindəki problemlərə toxunulub.
Bildirilib ki, ölkəmizdə kitaba qoyulan əlavə dəyər vergisinin ləğvi haqqında Qanuna dəyişiklik edilməsinə baxmayaraq, kitabların qiyməti yenə sabit olaraq qalmaqdadır. Qeyd olunub ki, intellektual kəsim üçün kitablar maraq kəsb edir.
Tədbirdə IX Beynəlxalq Kitab Sərgisinin Azərbaycanda davamlı olacağına, Mədəniyyət Nazirliyinin regionlarda da bu işləri inkişaf etdirəcəyinə ümid ifadə olunub. Bildirilib ki, indiyədək kitaba olan belə maraq builki sərgidə olduğu kimi müşahidə olunmayıb. Xeyli sayda ziyarətçilər sərgiyə məhz kitab almaq üçün gəliblər.
İştirakçılar tərəfindən mühazirələr maraqla dinlənilib, qonaqlara çoxsaylı suallar ünvanlanıb.