“İxracatçılara Mənşə sertifikatı” alt modulunun funksional imkanları barədə məlumat verilib
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində “Mənşə sertifikatı” alt modulunun tətbiqi və funksional imkanlarına dair maarifləndirici görüş keçirilib. Görüşdə mənşə sertifikatı əldə etmiş və ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektinin 20-yə yaxın nümayəndəsi iştirak edib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə qurumun Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış edərək cari ildən etibarən mənşə sertifikatlarının verilməsi prosesinin “E-keyfiyyet.gov.az” informasiya sistemi vasitəsilə tam elektron qaydada həyata keçirildiyini diqqətə çatdırıb, bu sahədə tətbiq olunan rəqəmsal həllərin ixracatçılar üçün yaratdığı üstünlüklərdən bəhs edib.
Görüş çərçivəsində iştirakçılara mənşə sertifikatının əldə edilməsi üzrə elektron müraciət prosesinin mərhələləri, “Mənşə sertifikatı” alt modulunun funksional imkanları, şəxsi kabinet vasitəsilə müraciətlərin bütün mərhələlərinin izlənilməsi, eləcə də sistem üzərindən təqdim edilmiş sertifikatlara dair məlumatların əldə edilməsi qaydaları barədə videoçarx nümayiş etdirilib.
Bununla yanaşı, ixracatçıların sistemdən istifadə təcrübəsi və təqdim etdikləri təkliflər nəzərə alınmaqla modulda həyata keçirilmiş yeniliklər və gələcəkdə tətbiqi nəzərdə tutulan təkmilləşdirmələr barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Mənşə sertifikatı” alt modulundan istifadəyə dair videoçarx ilə Agentliyin rəsmi “Youtube” kanalı (https://www.youtube.com/watch?v=ZUwJT2mODRg&t=89s) və “E-keyfiyyet.gov.az” informasiya sisteminin “Elektron xidmətlər” bölməsinin (https://e-keyfiyyet.gov.az/e-services) “Mənşə sertifikatlarının alınması üçün müraciət” alt bölməsi vasitəsilə tanış olmaq mümkündür.