İzmirli iş adamlarının Azərbaycana biznes missiyası ilə bağlı müzakirələr aparılıb
Bakı, 6 avqust, AZƏRTAC
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Türkiyə nümayəndəsi İzmirin valisi Yavuz Selim Köşger ilə görüşüb.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə ASK-ın təşkilatçılığı ilə izmirli iş adamlarının Azərbaycana biznes missiyası barədə məlumat verilib.
Türkiyə nümayəndəsi Asif Qurban fərdi sahibkarlarla yanaşı Azərbaycanın Türkiyəyə dövlət səviyyəsində də böyük yatırımlarının olduğunu, “SOCAR Petkim” layihəsinin uğurlarını qeyd edib.
Eyni zamanda, Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) ilə ASK arasında yüksək səviyyədə əməkdaşlıq əlaqələri, hər iki ölkə arasında iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin daha da artırılması məqsədilə ASK və TOBB tərəfindən Türkiyə-Azərbaycan Ticarət və Sənaye Palatası Forumunun (TAC) qurulduğunu diqqətə çatdırıb.
Y.S.Köşger ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını və qarşılıqlı investisiya qoyuluşlarının da səviyyəsindən məmnun qaldığını bildirib. O, azərbaycanlı iş adamlarının İzmir bölgəsində fəaliyyəti üçün bütün imkanların yaradıldığını və gələcəkdə yarana biləcək çətinliklərin aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini qeyd edib.
Sonra mövcud pandemiya şəraitinin imkan verəcəyi ən qısa zamanda İzmir valisi Y.S.Köşgerin də iştirakı ilə Azərbaycana biznes missiyanın təşkil olunmasına dair müzakirələr aparılıb.