JİRİNOVSKİ RUSİYALI FUTBOL DİVANƏLƏRİNİ FRANSAYA İĞTİŞAŞLARI YATIRMAĞA GÖNDƏRMƏK İSTƏYİR
O, Fransaya iğtişaşların gücləndiyi rayonlarda rusiyalı futbol azarkeşlərinin və RLDP fəallarının qüvvələri ilə qayda-qanun yaradılmasında kömək təklif etmişdir. Teleqramda səfirdən bu təklifi Fransa rəhbərliyinə çatdırmaq xahiş olunur.
Jirinovskinin teleqramında deyilir: “Biz könüllülərdən ibarət dəstələr yaratmağa hazırıq. Dəstələrə “qaynar nöqtələr”də xidmət etmiş sabiq futbol azarkeşləri, idmançılar və RLDP fəalları qəbul ediləcəkdir. Əminəm ki, təşəbbüsümüz 48 saata tam qayda-qanun yaratmağa və iğtişaşçıların köpünü almağa imkan verəcəkdir”.
Bununla əlaqədar xatırladaq ki, 2002-ci il iyunun 9-da Moskvanın mərkəzində, Tver küçəsində futbol divanələrinin iştirakı ilə kütləvi iğtişaşlar baş vermişdir. Rusiya yığma komandasının məğlubiyyətindən məyus olan sərxoş gənclər qarşılarına çıxan hər şeyi darmadağın etmişdilər: onlarca avtomobil sındırılmış və yandırılmış, mağazaların vitrinləri, Dövlət Duması binasının şüşələri çilik-çilik edilmişdi. Nəticədə 100-dən çox adam xəsarət almış, 35 nəfər, o cümlədən iki polis əməkdaşı xəstəxanaya qoyulmuş, bir kişi ölmüşdü. İndi isə Jirinovski onları Fransada “qayda-qanun yaratmağa” göndərmək istəyir.