Jurnalistlər və incəsənət ustaları arasında stolüstü tennis yarışı keçirilib
Bakı, 4 mart, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 4-də jurnalistlər və incəsənət ustaları arasında stolüstü tennis yarışı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “İdman” qəzetinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi turnirdə kişilər və qadınlar ayrı-ayrı qruplarda mübarizə aparıblar. Turnirə 30-dan artıq iştirakçı qatılıb.
Yarışın açılışında çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov çıxışlarında ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı məlumat verən natiqlər bildiriblər ki, ölkəmizdə idman siyasətinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını qarşıya vəzifə qoyub. Bütün bunlar gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Sonra yarışlara start verilib.
Beynəlxalq stolüstü tennis qaydalarına uyğun keçirilən turnirdə həm kişilər, həm də qadınlar arasında ilk üç yeri tutanlara, eləcə də müxtəlif nominasiyalar üzrə fərqlənənlərə Gənclər və İdman Nazirliyinin müvafiq diplomları, eləcə də xüsusi mükafatlar təqdim edilib.