SİYASƏT
Kaliforniya Universitetinin professorları və tələbələri Azərbaycanın uğurları haqqında məlumatlandırılıblar
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın nüfuzlu təhsil ocaqlarından biri, San Dieqoda yerləşən Kaliforniya Universitetində “Azərbaycan və Xəzər bölgəsində hazırkı durum” mövzusunda mühazirə oxuyub.
Baş konsul Azərbaycanın zəngin mədəni irsi, keçdiyi tarixi inkişaf yolu və yerləşdiyi coğrafi mövqe, son illər əldə etdiyi nailiyyətlər, eləcə də ölkəmizin multikulturalizmin mərkəzlərindən biri kimi qədim tolerantlıq ənənələri barədə danışıb. O, 1918-ci ildə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi parlamentli respublika yaratdığını, bu respublika tərəfindən qadınlara səsvermə hüququnun ABŞ-dan da öncə verildiyini qeyd edib.
N.Ağayev İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan neftinin və neftçilərinin oynadığı rolu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətindən bəhs edib, Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Baş konsul Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi”nin əhəmiyyəti, ölkəmizin neft strategiyası barədə də danışıb. O, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətləri qeyd edib, bu nailiyyətlərin əsası Ümummilli Lider tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən uzaqgörən siyasətin nəticələri olduğunu vurğulayıb.
N.Ağayev Azərbaycanın regionda siyasi və iqtisadi güc mərkəzinə çevrildiyini söyləyib. Diplomat Azərbaycanın yürütdüyü konstruktiv xarici siyasət barədə danışaraq, ölkəmizin dünya dövlətləri ilə yaxşı münasibətlərinin olduğunu diqqətə çatdırıb.
Sonra baş konsul tədbir iştirakçılarının suallarını cavablandırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Los Anceles