Kaliforniyanın qubernatoru meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edib
Vaşinqton, 8 sentyabr, AZƏRTAC
Kaliforniyanın qubernatoru Qevin Nyusom ştatın bəzi hissələrini cənginə alan meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
AZƏRTAC ştatın Təxirəsalınmaz Xidmətlər İdarəsinin bəyanatına istinadla xəbər verir ki, fövqəladə vəziyyət “Krik Fayr” yanğının yayıldığı Fresno, Madera və Mariposa dairələrində, həmçinin “El-Dorado” və “Veli Fayr” yanğınlarının tüğyan etdiyi San-Bernardino və San-Diyeqo dairələrində elan edilib. Agentliyin bəyanatına əsasən evlərin dağılmasına və minlərlə sakinin təxliyəsinə səbəb olan üç yanğın nəticəsində on minlərlə akr ərazi külə dönüb.
Yüksək temperatur və quraqlıq hava şəraiti nəticəsində əmələ gələn təhlükəli yanğından xilas olmaq üçün hava yolu ilə irimiqyaslı əməliyyatlar aparmaq lazım gəlib. Məsələn, Əmək Gününü bayram edən bir neçə nəfər Madera dairəsində alov nəticəsində yol bağlanandan sonra “Mammot Pul” rezervuarının ərazisindən helikopterin köməyi ilə xilas edilib.
Kaliforniya Milli Qvardiyasından Devid Holl mətbuat konfransında bildirib ki, 200-dən çox sakin hərbi helikopterlərin köməyi ilə təxliyə edilib. O, həmçinin vurğulayıb ki, Ouk-Qlen, Yukaypa-Ric, Mauntin-Houm-Villic və Forest-Fols sakinlərinin də təxliyəsinə əmr verilib. Yanğının söndürülməsinə 500-dən artıq canlı qüvvə, 60 avtomobil və 4 helikopter cəlb olunub. Yanğına görə hələ ki, heç kimə qarşı ittiham irəli sürülməyib. Builki meşə yanğınları yanmış ərazilərin sahəsinə görə Kaliforniyanın tarixində ən pis meşə yanğınları olub. Kaliforniya bütün ştat üzrə yanmış torpaqların sahəsinə görə rekord göstəriciyə malikdir. Bazar günü, sentyabrın 6-na olan vəziyyətə görə zərər çəkmiş sahə 847 798 hektar təşkil edir.
AZƏRTAC-ın Vaşinqton bürosu