Kamboca rəsmisi: Ölkəmiz COP29-da başladığı layihələri davam etdirir
Bakı, 15 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Bakıdakı COP29-da iştirak etmək mənim üçün çox dəyərli təcrübə oldu. Orada təşkilatçılıq, infrastruktur və xüsusilə iclas otaqlarının səmərəli quruluşu diqqətimi çəkdi. Yeməklər və insanların qonaqpərvərliyi isə ayrıca vurğulanmalıdır.
Bu barədə AZƏRTAC-a açıqlamasında Braziliyanın Belem şəhərində keçirilən COP30-un iştirakçısı, Kambocanın Ətraf Mühit Nazirliyinin Yaşıl İqtisadiyyat Departamentinin direktoru, Yonsei Universitetinin nümayəndəsi Menq İnq Tainq deyib.
Kamboca rəsmisi Belem şəhərində keçirilən COP30 iqlim sammitinin təşkilati işlərini də yüksək qiymətləndirib: “Burada da infrastruktur və şərait çox yaxşıdır. Keyfiyyət baxımından ciddi fərq yoxdur, hər iki sammit özünəməxsusluğunu nümayiş etdirir. Düşünürəm ki, gələcək COP-lar üçün Bakı və Belemin uğurlu nümunələri birləşdirilə bilər”.
Menq İnq Tainq həmçinin, COP29-dan ümidlərlə ayrıldıqlarını qeyd edib: “Kamboca COP29-da başladığı layihələri davam etdirir. Hazırda ölkədə iqlim dəyişikliyi ilə bağlı əlavə maliyyə resurslarının cəlb edilməsi istiqamətində işlər gedir. COP30-da da bu cür imkanların genişlənəcəyinə ümid edirik”.
Departament rəhbəri bildirib ki, davamlı iqlim maliyyələşməsi və regional əməkdaşlıq Kamboca kimi ölkələr üçün həyati əhəmiyyət daşıyır.