Kamran İmanov: Əqli mülkiyyət Azərbaycan üçün iqtisadiyyatın, innovasiyaların hərəkətverici qüvvəsidir
Bakı, 24 iyun, AZƏRTAC
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Hasan Kleyb Azərbaycanda səfərdədir. Bu səfər çərçivəsində bir çox görüşlər keçiriləcək.
Əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan innovativ yeniliklər və onlara aid olan işlərimiz haqqında Ümumdünya Əqli Mülkiyyət Təşkilatına öz fikirlərimizi çatdıraq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov söyləyib.
Əqli mülkiyyət anlayışının mürəkkəb olduğunu və bu gün dəyişdiyini deyən Kamran İmanov bildirib ki, əqli mülkiyyətə hazırda yalnız hüquqi mənada baxılmır. Bu o deməkdir ki, əqli mülkiyyətin istər iqtisadi komponenti, istər sosial komponenti ölçülməli, onun hansı təsirlərinin olduğu müəyyən edilməlidir. Bu isə əqli mülkiyyət sahəsində dövlət siyasətini həyata keçirən qurumlar qarşısında çox məsuliyyətli vəzifələr qoyur.
2018-ci ildə Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Əqli Mülkiyyət Agentliyinin yaradıldığını xatırladan Kamran İmanov bunun müvafiq sahənin inkişafı üçün geniş imkanlar açdığını vurğulayıb. O qeyd edib ki, Əqli Mülkiyyət Agentliyi yalnız sənədlərinin qəbul edilməsi, onların ekspertizasının aparılması ilə öz işini tamamlamır. Agentlik bu hüquqların müdafiəsində iştirak edir. Əqli mülkiyyət Azərbaycan üçün iqtisadiyyatın, innovasiyaların hərəkətverici qüvvəsidir və Agentlik öz fəaliyyətində bunları əsas götürür.
Kamran İmanov bildirib ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı inkişaf planı, həmçinin əqli mülkiyyətə innovasiyaların milli ekosistemini formalaşdıran hərəkətverici qüvvə kimi yanaşmağı tələb edir.