Kanadada bir müsəlman ailəsinin dörd üzvü islamofobiyanın qurbanı olub
Bakı, 8 iyun, AZƏRTAC
Kanadanın Ontario əyalətinin London şəhərində avtomobilin müsəlman ailəsini vurması nəticəsində dörd nəfər həlak olub, bir uşaq isə ciddi xəsarətlər alıb.
AZƏRTAC bu barədə “The New York Times” qəzetinə istinadla xəbər.
“Bunun qəsdən, planlaşdırılan akt olduğuna və ailənin müsəlman inancına sahib olmasına görə hücuma məruz qaldığına dair sübutlar var”, - deyə şəhər polis idarəsinin baş inspektoru Pol Ueyt jurnalistlər üçün təşkil olunan mətbuat konfransında bildirib.
Hücumu törətməkdə şübhəli bilinən 20 yaşlı Nataniel Veltaman hadisə yerindən qaçmağa müvəffəq olsa da, sonradan polis tərəfindən saxlanılıb. Ona dörd sui-qəsd epizodu və bir nəfəri öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Polis mümkün terror ittihamı ilə bağlı Baş prokuror və Kanada Krallıq Polisi ilə məsləhətləşmələr apardığını bildirib.
Qeyd edək ki, hücum nəticəsində 46 yaşlı kişi, onun 44 yaşlı həyat yoldaşı, 15 yaşlı qızı və 74 yaşlı anası həlak olub, ağır xəsarətlər alan 9 yaşlı oğlu isə xəstəxanaya yerləşdirilib.
Kanadanın Baş naziri Castin Trüdo özünün tvitter hesabında hadisədən şoka düşdüyünü və “heç bir cəmiyyətdə islamofobiyaya yer olmadığını” yazıb.