Kanberra şəhərindəki Avstraliya Milli Karilyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb
Kanberra, 8 iyun, AZƏRTAC
Avstraliyanın Kanberra şəhərində Avstraliya Milli Karilyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu tədbir ölkəmizin Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 103-cü ildönümü, eyni zamanda, Avstraliya ilə ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümü münasibətilə təşkil olunub.
Paytaxt Kanberranın 50 illiyi münasibətilə Britaniya hökumətinin Avstraliyaya hədiyyəsi olan və hündürlüyü 50 metr təşkil edən Milli Karilyon şəhərin ən görməli yerlərindən birində yerləşir, şəhər sakinlərinin əsas gəzinti və istirahət güşələrindən biridir.
Gecə saatlarında Karilyon Azərbaycan bayrağının rənglərində işıqlandırılaraq paytaxtda möhtəşəm bir görüntü yaradıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra