CƏMİYYƏT
Kapitan: Böyük Qələbənin qığılcımı olan Aprel döyüşləri Ordumuzun nəyə qadir olduğunu göstərdi
Bakı, 4 aprel, AZƏRTAC
Aprel döyüşləri Azərbaycan tarixində şanlı Zəfərə gedən yolun başlanğıcıdır. 2016-cı il aprelində dörd gün davam edən döyüşlər peşəkar zabitlərin, ordumuzun yüksək səviyyədə döyüş hazırlığının nümayişi idi.
Bu barədə AZƏRTAC-a müsahibəsində Aprel döyüşləri, o cümlədən Vətən müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin Quru Qoşunların zabiti, kapitan Saleh Həsənov deyib.
Aprel döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşən kapitan deyib: “Döyüşlərin ilk günündə - aprelin 1-də gecə saatlarında Silahlı Qüvvələrimizin tərkibində artilleriya bölməsi olaraq əsgər və zabitlərimizi atəşlə dəstəkləyirdik. Ona görə xeyli sayda düşməni məhv etdik və hərbi texnikasını sıradan çıxardıq. Bu da zabitlərimizin, ümumiyyətlə hərbi qulluqçularımızın yüksək peşəkarlığının nəticəsidir. Aprel döyüşlərində bizim artilleriya dəstəyimizlə hakim yüksəklikləri tutmağımız sonralar Vətən müharibəsində strateji hədəfləri və müəyyən mövqeləri vurmağa kömək etdi. Bu döyüşlər İkinci Qarabağ müharibəsinə gedən qaranlıq yolu aydınladan işıq rolunu oynadı. Belə ki, Vətən müharibəsindən bir neçə il əvvəl müəyyən adsız yüksəklikləri ələ keçirməyimiz və orada möhkəmlənməyimiz bizim üçün əlavə üstünlük oldu. Böyük Qələbənin qığılcımı olan Aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunun qarşı tərəfə xəbərdarlığı idi. Biz öz missiyamızı Vətən müharibəsində tamamladıq. Həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun peşəkarlığını, əsgərimizin cəsarətini və xalqımızın həmrəyliyini nəinki düşmən, bütün dünya gördü”.
Torpaqlarımızın düşmən əsarətindən azad olunmasının başlanğıcının yeddi il əvvəl qoyulduğunu diqqətə çatdıran kapitan fikirlərinə belə davam edib: “Vətən müharibəsinin elə ilk günlərində Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərinin davamı olaraq Talış istiqamətində mühüm məntəqələri azad etdi. İkinci Qarabağ müharibəsində Talış kəndinin azad olunması ilə Goranboy və Naftalanın atəş altında olan bölgələri düşmən hədəfi olmaqdan xilas edildi. Bundan sonra Azərbaycan Ordusu Suqovuşan istiqamətinə çıxış əldə etdi. Günbəgün irəliləyən ordumuz noyabrın 8-də dincini Şuşada aldı. Zəfər salnaməsinin mayakı olan dördgünlük müharibədən dörd il sonra son iki əsrin ənənəsi dəyişdi, ərazi bütövlüyümüz bərpa olundu, təqvimlərdə işğal tarixləri qayıdış günləri ilə əvəzləndi”.
Qeyd edək ki, Quru Qoşunların zabiti Saleh Həsənovun Vətən müharibəsində döyüş yolu Tərtər rayonunun Talış kəndi, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarından keçib. Kapitan Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.