Kazan şəhərinin meri İlsur Metşin İçərişəhərdə olmuşdur
Bakı, 6 may (AZƏRTAC). Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinin meri İlsur Metşinin rəhbərlik etdiyi nümayəndə heyəti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarəetmə sistemini öyrənmək və Bakının tarixi mərkəzi ilə tanış olmaq məqsədilə İçərişəhərdə olmuşdur.
İdarədən AZƏRTAC-a bildirmişlər ki, İlsur Metşin və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov arasında Qoruq İdarəsinin idarəetmə təcrübəsinin öyrənilməsi və tarixi abidələrin konservasiyası zamanı müasir texnologiyaların tədbiqinə dair fikir mübadiləsi aparılmışdır.
Bundan sonra İlsur Metşinin İçərişəhər ərazisində gəzintisi təşkil edilmişdir. Qonağın İçərişəhərdə gəzintisi YUNESKO-nun “Dünya İrsi Siyahısı”na daxil edilmiş, ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız qalası ilə tanışlıqla başlanılmışdır.
Kazan şəhərinin meri, həmçinin Qız Qalasında yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumatlandırılmışdır. “Sıratağlı” dini-memarlıq kompleksinin ərazisindəki daş ekspozisiya qonağın marağına səbəb olmuşdur.
Qonaqların gəzintisi Qoşa qala meydanı ilə tanışlıqla davam etdirilmiş, onlara meydan və burada yerləşən qədim binaların inşa tarixi barədə məlumat verilmişdir.
Nümayəndə heyətinin üzvləri təzə bişmiş təndir çörəyinin dadına baxmış və elektromobillərlə İçərişəhərlə tanışlığı davam etdirmişlər.
Daha sonra qonaq İçərişəhər ərazisində dünya əhəmiyyətli üç abidədən biri olan Məhəmməd Məscidində olmuş və ötən il burada başa çatmış muzey konservasiyası işləri barədə məlumat qonağın diqqətinə çatdırılmışdır.
Qonaq “Kiçik Karvansara” abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - “İncəsənət Bağı”ında olmuş və burada İlsur Metşin İçərişəhərin Fəxri qonaqlar kitabında öz ürək sözlərini qeyd etmişdir.
######
