İDMAN
“Kəpəz”in qış hazırlıq planı müəyyənləşib
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan kubokunun dörddəbir final mərhələsinin cavab oyunundan sonra “Kəpəz” futbol klubu istirahətə buraxılıb. Qış fasiləsinə çıxan əsas komandanın üzvləri gələn il yanvarın 8-də bir araya gələcəklər. “Sarı-göylər” Bakıda toplaşıb əvvəlcə tibbi müayinədən keçəcəklər.
Klubdan AZƏRTAC-a bildiriblər ki, hazırlıq planına əsasən, Gəncə klubu yanvarın 11-də məşqlərə başlayacaq. İkigünlük çalışmalardan sonra komanda yanvarın 13-də təlim-məşq toplanışına start verəcək. “Kəpəz” qış fasiləsində hazırlıq dövrünü ölkə daxilində keçirəcək. Gəncəlilər Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında məskunlaşacaqlar. “Kəpəz” burada 8 günlük təlim-məşq toplanışında olacaq.
Toplanış müddətində Nizami yurdunun təmsilçisi yanvarın 17-də və 19-da yoxlama oyunları keçirməyi planlaşdırıb. Komanda eyni gündə fərqli heyətlə iki görüşə (ümumilikdə 4 oyun) çıxacaq.
Yanvarın 20-də çempionatın ikinci yarısı üçün hazırlığın əsas hissəsini başa vuracaq “sarı-göylər” bir gün istirahətə buraxılacaq. Bundan sonra “Kəpəz” təqvim oyununa hazırlaşacaq.