Kifayət Qasımova Bakıda keçirilən Qran-Pri turnirinin qızıl medalını qazanmışdır
Bakı, 6 may (AZƏRTAC). Azərbaycanın cüdoçular komandası paytaxtda keçirilən Qran-Pri turnirində çıxışlarını uğurla başlamışdır. Turnirin ilk günündə Kifayət Qasımova (57 kq) qızıl medal qazanmışdır. AZƏRTAC xəbər verir ki, K.Qasımova finalda çinli Hyu Vanq üzərində təmiz qələbə qazanmışdır. Beləliklə, Kifayət həm turnirin ali mükafatını, həm də 200 reytinq xalı qazanmışdır.
Kifayət ilk görüşdə hollandiyalı Şarin Riçardsona qalib gəlmişdir. Görüşün gedişində idmançımız əvvəlcə bir “vadzaari” balı uduzsa da, yekunda “ippon” fəndi ilə qalib gəlmişdir. Almaniyalı Xana Bryuek ilə görüşdə də təmiz qələbə qazanmış K.Qasımovaya dörddəbir finalda ispaniyalı İzabel Fernandesi “ippon” fəndi ilə məğlub etmək üçün cəmi 55 saniyə lazım gəlmişdir. Yarımfinalda Kifayətin rəqibi macarıstanlı Hedviq Karakas idi. Bu dəfə də “ippon” fəndi Kifayətə qələbə gətirdi. Final mərhələsində tatami sahibi, qeyd etdiyimiz kimi, çinli Hyu Vanq ilə qarşılaşmışdır. Bu dəfə rəqibi üzərində xalis qələbə qazanmış Kifayət turnirin qalibi olmuşdur.
Çəkisi 60 kq olan idmançılar arasında İlqar Müşkiyev beşinci yerlə kifayətlənməli olmuşdur. Müşkiyev ilk görüşdə isveçrəli Mixael İtenə “ippon”la qalib gəlmiş, lakin sonra gürcüstanlı Amiran Papinaşvili ilə görüşün əvvəlində bir “vadzaari” balı uduzaraq məğlub olmuşdur.
Nicat Şıxəlizadə (60 kq) turniri uğurla başlamışdır. O, rusiyalı Yevgeni Kudyakov üzərində xalis qələbə qazanmışdır. Lakin növbəti döyüşdə monqol Boldbatar Çmed-Yondona uduzmuşdur. Bu görüşün əsas vaxtında qalib aşkar edilməmişdir, əlavə vaxtda isə Nicatın rəqibi “ippon” fəndi ilə qalib gəlmişdir.
Eyni çəki dərəcəsində çıxış edən Vüqar Şirinli əvvəlcə çexiyalı Pavel Petrikovu “ippon” fəndi ilə məğlub etmiş, sonra isə Valterri Yokinen ona qarşı boğucu fənd tətbiq edərək üstün gəlmişdir. Hasim Xələfov ilk görüşdə britaniyalı Eşli Makkenzi üzərində xalis qələbə qazanmış, lakin sonra Tobias Enqlmayerə uduzmuşdur. Asimin rəqibi “vadzaari” xalı hesabına qalib sayılmışdır.
66 kq çəki dərəcəsində Avropa çempionatının finalçısı Tərlan Kərimov ilk görüşdə çinli Ren Vanq Liu üzərində xalis qələbə qazanmışdır (“yuko”). Sonra italiyalı Françesko Faraldo daha güclü olduğunu göstərmişdir. Bu görüşün əvvəlində bizim atlet “vadzaari” xalı qazanaraq irəlidə idi, lakin onun rəqibi nəinki bu xalın əvəzini çıxmış, hətta görüşün sonuna yaxın “yuko” qiyməti qazanaraq növbəti dövrəyə çıxmışdır.
Samir Dadaşzadə (66 kq) ilə kanadalı Saşa Mehmedoviçin görüşü həmyerlimiz üçün çətin olmuşdur. Bu döyüşün qalibini müəyyən etmək üçün əlavə vaxt təyin edilmişdir. Samir “ippon” fəndi işlədərək qalib gəlmiş, lakin növbəti dövrədə rusiyalı Mixail Pulyayevə uduzmuşdur.
Həmin çəki dərəcəsində çıxış edən Emil Həsənov əvvəlcə misirli Əhməd Avada qalib gəlmiş, lakin növbəti görüşdə Özbəkistan nümayəndəsi Mirzahid Farmonov bizim idmançıdan hərcəhətli üstün olduğunu göstərmişdir. Rüstəm Orucov kanadalı Mixail Popiel üzərində vaxtından əvvəl qələbə qazanmış, sonra isə qazaxıstanlı Azamat Mukanova bir “yuko” fərqi ilə uduzmuşdur.
48 kq çəki dərəcəsində Aynur Əliyeva italiyalı Yelena Moretti ilə döyüşdə “ippon” fəndi nəticəsində uduzmuş, Aytən Bayramova isə iki “vadzaari” fərq ilə çinli Şi Şi Ksiyaya məğlub olmuşdur.
52 kq çəki dərəcəsində Turanə Seyidi fransalı Prissille Nettoya “ippon” ilə uduzmuş, Şahanə Hüseynova isə bir “yuko”ya qarşı bir “vadzaari” qazanaraq Rozalbe Forçinitiyə uduzmuşdur. Aysel Osmanlı da ispaniyalı rəqibi Laura Homesdən zəif çıxış etmişdir.
57 kq çəki dərəcəsində Natalya Musayeva hollandiyalı Yuul Franssenə məğlub olmuşdur.
######
