KİMİN KÖMƏYƏ DAHA ÇOX EHTİYACI VAR?
Berlin, 17 fevral (AZƏRTAC). AZƏRTAC ABŞ Konqresinin Dağlıq Qarabağdakı erməni separatçılarına birbaşa yardımın ayırması ilə əlaqədar Azərbaycan dövlətinin etiraz notasına ABŞ administrasiyasının cavabı barədə artıq yazmışdır. ABŞ tərəfinin cavabında deyilirdi ki, ABŞ-ın Dövlət Departamenti “Dağlıq Qarabağ” adlı qurum tanımır.
İlk baxışdan cavab qənaətbəxş görünür. Lakin məlum olduğu kimi, ABŞ-ın ali qanunverici orqanı olan Koqresin Dağlıq Qarabağa birbaşa yardım göstərilməsi haqqında qərarı yalnız ölkənin icra hakimiyyətinin başçısı - Prezident imzaladıqdan sonra qüvvəyə minir. Belə çıxır ki, Prezidentin masası üstünə administrasiyanın tanımadığı quruma yardım haqqında sənəd qoyulur. Amerikalı tərəfdaşlarımız bu cür uyğunsuzluğu necə izah edirlər?
Bu gün məlum olmuşdur ki, rəsmi Vaşinqton Qarabağ separatçılarına Azərbaycanın rəsmi hakimiyyət orqanlarının xəbəri olmadan yardım ayrılması ilə əlaqədar narazılığını bildirmiş Azərbaycan QHT Forumuna da cavab vermişdir. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu tərəfindən imzalanmış məktubda deyilir ki, ABŞ hökuməti “Dağlıq Qarabağ Respublikası” kimi bir qurum tanımır. Eyni zamanda, cavabda vurğulanır ki, ABŞ Konqresinin yardımı Dağlıq Qarabağın separatçılarına deyil, beynəlxalq QHT-lərə bu diyarın vətəndaşları üçün ayrılır. “Bu diyarın vətəndaşları” kimdir və nə üçün Dövlət Departamenti onları sakinlər deyil, “vətəndaşlar” adlandırır. Cənab D.Lu cavabında bu məsələyə aydınlıq gətirmir. 8 milyon dolların neçə faizinin vilayətin təxminən üçdəbir hissəsini təşkil edən Azərbaycan icmasına veriləcəyi də aydın deyildir. Azərbaycan icması hazırda Dağlıq Qarabağdakı evlərində rahatca yaşayan və hətta Azərbaycanın işğal altında olan şəhər və kəndlərini sökmək və qarət etməklə pul qazanan erməni sakinlərdən daha çox yardıma möhtacdır.
Amerkalı tərəfdaşların nəzərinə çatdıraq ki, rəsmi Bakı və ölkə ictimaiyyəti Azərbaycanın bu və ya digər bölgəsinə, o cümlədən Dağlıq Qarabağa hər hansı bir dövlətin qanunuvericilik orqanı tərəfindən yardım ayrılmasına etiraz etmir, ancaq bir şərtlə ki, müvafiq prosedurlara riayət olunsun və dövlətimizə qarşı münasibətdə qərəzsizlik və ehtiram nümayiş etdirən minimum normalar gözlənilsin. Bu normalar aşağıdakılardır:
1. Azərbaycanın bölgəsi kimi Dağlıq Qarabağa birbaşa deyil, Bakı vasitəsilə (heç olmazsa rəsmilik xatirinə) yardım ayrılması, bununla da dövlətimizin ərazi bütövlüyünün vurğulanması;
2. Yardımın vilayətin bütün sakinləri, o cümlədən bu yardıma daha çox ehtiyacı olan Azərbaycan icması arasında bərabər bölünməsi.
Dağlıq Qarabağa Bakıdan xəbərsiz, özü də vilayətin yalnız erməni əhalisinə yardım ayrılması Azərbaycan xalqında təəssüf doğurmaya bilməz. Çünki bununla ABŞ Konqresi bir daha separatçılığı daha da ruhlandırır, ABŞ qanunvericilərinin canyananlığını və onların icmasının Dağlıq Qarabağ əhalisinin tamhüquqlu hissəsi kimi tanımasını görməyən Azərbaycan icmasının dərdini təzələyir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin