“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının bədii təfəkkürünün abidəsidir
Yevlax, 7 fevral, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində müstəsna yer tutan “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini Elnarə Məmmədova Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən ölkəmizdə keçirilən tədbirləri və görülən işləri diqqətə çatdırıb.
Sonra “Kitabi-Dədə Qorqud” və Henrix Fridrix Fon Dits-200” mövzusunda Beynəlxalq Şagird Konfransının iştirakçısı, şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Günel Əlili inşa yazısını oxuyub.
YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının bədii təfəkkürünün abidəsidir. Milli-mədəni irsin qorunub yaşadılması və yeni nəsillərin azərbaycançılıq ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malik olan dastan müasir Azərbaycan gəncliyinin formalaşması üçün dəyərli metodiki vəsaitdir.