Kitabxanada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Qax, 16 yanvar (AZƏRTAC). Qax Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıq ağacı bar verə bilməz, şəhidlər qanı ilə suvarılmasa” adlı “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə kitabxananın foyesində “Tarixin qan yaddaşı” sərgisi ilə tanış olmuşlar.
Tədbirdə Azərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən artıq 22 il keçdiyi xatırladılmış, bu illər ərzində həmin tarixin yalnız ümumxalq kədər və hüzn günü kimi deyil, eyni zamanda, xalqımızın şərəf günü kimi qeyd edildiyi bildirilmişdir.
“Dəyirmi masa”da “Əsrə bərabər gecə”, “Təzadlar içində”, “Şanlı tariximiz, qanlı tariximiz”, “Eşq olsun sizə” və digər mövzularda çıxışlar olmuş, B.Vahabzadənin “Şəhidlər” poemasından parçalar söylənilmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, 1990-cı ilin 20 yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, onların şəhidlik zirvəsinə baxaraq, başını daim dik tutur. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Şəhid olan Vətən oğulları Azərbaycanın tarixinə yeni səhifə yazdılar, xalqın azadlığı, müstəqilliyi üçün yol açdılar. Artıq 20 ildir ki, biz müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq.
Tədbirin sonunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, iştirakçılara “Müstəqilliyimizin ilk qaranquşları” adlı bukletlər paylanılmışdır.