KİV-lər: UEFA Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin sayını azalda bilər
Bakı, 9 aprel, AZƏRTAC
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2020-ci ilin Avropa çempionatını qəbul edəcək şəhərlərin sayının azaldılması imkanlarını nəzərdən keçirir. Bu barədə "Daily Mail" məlumat verir.
Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ilin yayından 2021-ci ilin 11 iyun-11 iyul dövrünə keçirilib.
AZƏRTAC xəbər verir ki, nəşrin informasiyasına görə, UEFA Roma ilə Bilbaonun pandemiya ilə bağlı iqtisadi itkilər səbəbindən Avropa çempionatına hazırlaşa bilməyəcəklərindən ehtiyat edir.
UEFA-nın mətbuat xidmətindən nəşrə bildiriblər: "Avro-2020 elə həmin şəhərlərdə eyni cədvəl üzrə keçirilməlidir. Lakin matçların qrafiki qəti təsdiq edilməyib".
Avropa çempionatı Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Ansterdamda keçirilməlidir.
Həm Roma, həm də Bilbao qrup mərhələsinin üç matçını qəbul etməlidir. Bundan əlavə, 1/8 finalın bir matçı Bilbaoda və dörddəbir finallardan biri Romada nəzərdə tutulub.