Kiyevdə azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 1 aprel (AZƏRTAC). Ukrayna Azərbaycanlıları Konqresinin və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar anma mərasimi keçirilmişdir.
Ukrayna Azərbaycanlı Gənclər Birliyindən AZƏRTAC-a bildirmişlər ki, ölkəmizin Kiyevdəki səfirliyinin və diaspor nümayəndələrinin, gənclərin və tələbələrin iştirak etdikləri mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı çıxış edərək, ermənilərin son iki əsrdə xalqımıza qarşı həyata keçirdikləri mərhələli soyqırımı və işğalçılıq siyasətini tarixi faktlarla diqqətə çatdırmışdır.
Mərasimdə Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri Akif Gülməmmədov, Həbib Əliyev, Əbülfəz Qasımov və başqaları ötən əsrin əvvəllərindən Azərbaycanın bir çox şəhər və rayonlarında kütləvi qırğınlar təşkil edən erməni daşnaklarının Quba, Bakı, Zəngəzur, Şamaxı və Naxçıvanda daha amansız qətliamlar törətdiklərini xatırlatmışlar.
1918-ci ilin mart qırğınından 93 il ötməsinə baxmayaraq, beynəlxalq təşkilatların və dünya birliyinin erməni vəhşiliyinə hələ də biganə qaldığını bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov xalqımızın başına gətirilən vəhşiliklərə ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində hüquqi-siyasi qiymət verilməsini müdrik və uzaqgörən siyasətin bariz nümunəsi kimi səciyyələndirmişdir.
Sonda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımdan bəhs edən sənədli film nümayiş etdirilmişdir.
######
