KİYEVDƏ ENERJİ TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ SAMMİT KEÇİRİLMİŞDİR
Xəbər verdiyimiz kimi, mayın 23-də Kiyevdə enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş sammit keçirilmişdir.
Sammitin ümumi iclasında Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Viktor Yuşşenko, Gürcüstan Prezidenti Mixail Saakaşvili, Latviya Prezidenti Valdis Zatlers, Litva Prezidenti Valdas Adamkus, Polşa Prezidenti Lex Kaçinski, Estoniya Prezidenti Toomas Hendrik İlves, Avropa Komissiyasının energetika məsələləri üzrə komissarı Andris Pibalqs, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Boyden Qrey, ümumilikdə 30-dan çox ölkənin yüksək vəzifəli nümayəndələri və diplomatlar iştirak edirdilər.
Sammitdə, əsasən, Avrasiya neft nəqli dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılması, Baltik-Qara dəniz-Xəzər dənizi enerji tranziti birliyinin yaradılması konsepsiyası və sair məsələlər müzakirə olundu.
Ukrayna Prezidenti Viktor Yuşşenko ümumi iclası açaraq, iştirakçıları təqdim etdi. Sammitin Kiyevdə keçirilməsinin ölkəsi üçün əhəmiyyətini vurğulayan Viktor Yuşşenko dedi ki, Krakov və Vilnüs görüşlərindən sonra bu estafeti Ukrayna paytaxtı qəbul etmişdir. Çox sevindirici haldır ki, bizim ümumi təşəbbüsümüzə qoşulanların sayı daim artır. Enerji məsələlərinin hazırda dünyanın aktual problemlərindən biri olduğunu vurğulayan Viktor Yuşşenko ölkəsinin Avropanın enerji təhlükəsizliyində fəal rol oynamaq istədiyini bildirdi.
Ukrayna Prezidenti imzalanmaq üçün təqdim olunan sənədlər barədə də məlumat verdi.
Sonra Azərbaycan Prezidenti çıxış etdi.
######
