KLİÇKO İBRAHİMOVLA DÖYÜŞƏ HOVUZDA SU ALTINDA HAZIRLAŞIR
AZƏRTAC xəbər verir ki, Ukraynanın ağırçəkili boksçusu Vladimir Kliçko rusiyalı Sultan İbrahimovla fevralın 23-də Nyu-Yorkda keçəcək döyüşə inadla hazırlaşır. Kliçko bəzi məşq döyüşlərini hovuzda su altında keçirir.
Çempionun məşq düşərgəsi Mayami yaxınlığındakı Palm Biç Qardens şəhərciyində yerləşir. Kliçko hazırlıq keçmək üçün Kaliforniyadan oraya gəlmişdir - məsələ burasındadır ki, Florida Nyu-Yorkla eyni saat qurşağındadır, üstəlik burada məşqlər üçün əlverişli şərait yaradılmışdır. Vladimir yerli mehmanxana komplekslərinin birində yaşayır, yaxınlıqda məxsusi onun üçün içərisində rinq olan çadır düzəldilmişdir.
Məşqlər gün ərzində iki dəfə keçirilir və təqribən dörd saat davam edir: səhər saat 8-də Kliçko məşqçi ilə rəqibinin fəndlərini təhlil edir və taktiki hərəkətləri cilalayır. Nahar fasiləsindən sonra isə ikinci məşq başlayır. Sparrinqlərə xüsusi diqqət yetirilir. Kliçkonun oyundaşları döyüş üslubuna görə rusiyalı rəqibinə maksimum yaxındır. Eyni zamanda, rinqin ətrafında quraşdırılmış monitorlarda İbrahimovun döyüşləri yayımlanır - bu yolla Kliçkonun komandası rəqibin hərəkətlərini təhlil edir.
Vladimir İbrahimovu lazımınca qiymətləndirir: “O, dünya çempionudur. Çox cəlddir, manevrlidir. Zənnimcə, döyüş asan olmayacaqdır, lakin qalib gəlmək üçün əlimdən gələni edəcəyəm”.
Xatırladaq ki, son səkkiz il də bu, peşəkar boksun ən nüfuzlu çəki dərəcəsində çoxdan gözlənilən döyüş olacaqdır. Superağırçəkili Vladimir Kliçko (İBF və İBO versiyaları üzrə dünya çempionu kəmərlərinin sahibi) və Sultan İbrahimov (WBO versiyası üzrə dünya çempionu kəmərinin sahibi) öz titullarını birləşdirmək üçün görüşəcəklər. Döyüşün qalibi mütləq dünya çempionu adını qazanacaqdır.