İQTİSADİYYAT
KOBİA: İndiyədək 51 daxili bazar araşdırması aparılıb

Bakı, 6 dekabr, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən (KOBİA) sahibkarların müraciətləri və onların ehtiyacları nəzərə alınmaqla agentliyin təşəbbüsü ilə mütəmadi olaraq daxili bazar araşdırmaları aparılır.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, indiyədək 51 daxili bazar araşdırması aparılıb.
Daxili bazar araşdırmasının aparılması “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender yolu ilə həyata keçirilir. Tenderdə ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) iştirak edə bilərlər. Buraya universitetlər, institutlar, xüsusi araşdırma və təhlil mərkəzləri, konsaltinq şirkətləri, eləcə də bu sahədə ixtisaslaşmış digər hüquqi və fiziki şəxslər aiddir.
Qeyd edək ki, yeni biznesə, məhsul və xidmət istehsalına başlamazdan əvvəl aparılan daxili bazar araşdırması sahibkara sektorun inkişafı, istehsal və ixrac imkanları, lazım olan işçi qüvvəsi, satış, rəqiblər, sənədləşdirmə, istehlakçıların fikirləri, qiymət, dövlət dəstəyi tədbirləri və s. barədə ətraflı məlumat verir. Müvafiq məlumatlar isə sahibkara sonradan yarana biləcək riskləri görməyə və qabaqlayıcı tədbirlər görməyə imkan yaradır. KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması, özəl sektorda məhsul istehsalının artırılması, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılması məqsədilə sahibkarlara daxili bazar araşdırmasının aparılması üçün dövlət tərəfindən 20 min manata qədər dəstək göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 faizi dövlət tərəfindən ödənilir.