KOBİA KOB-lara əqli mülkiyyət məsələri ilə bağlı dəstək göstərir
Bakı, 24 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) KOB-lara əqli mülkiyyət məsələri ilə bağlı dəstək göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Bildirib ki, əqli mülkiyyət KOB subyektinə özünü digər müəssisələrdən və rəqiblərdən fərqləndirməyə imkan verir. Araşdırmalar göstərir ki, əqli mülkiyyət hüquqlarına malik olan KOB-lar hər hansı məhsul və ya xidmət üzərində müvafiq hüquqa malik olmayanlara nisbətən daha çox gəlir əldə edir.
“KOBİA KOB-lara əqli mülkiyyət məsələri ilə bağlı da dəstək göstərir. Belə ki, Agentlik əqli mülkiyyət hüquqları, ticarət nişanlarının və patentlərin biznes üçün önəmi, onların alınması istiqamətində KOB-ları məlumatlandırır, təlim və məsləhət xidmətləri göstərir. Agentliyin qrant mexanizmi çərçivəsində patentlərin alınmasına, innovativ sahibkarlığı təşviq edən startapların qeydiyyatına, məhsulların (xidmətlərin) satışına, patentləşdirilməsinə və xarici bazarlarda təşviqinə dəstək verilir. KOBİA-dan “Startap” şəhadətnaməsi alan KOB-lar ticarət nişanını qeydiyyata alırlar. KOB evlərində Əqli Mülkiyyət Agentliyi tərəfindən sahibkarlara patentin alınması, əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatı üzrə xidmətlər göstərilir”, - deyə O.Məmmədov qeyd edib.