KOBİA və TÜRKPA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bakı, 4 mart, AZƏRTAC
Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupov Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qurumun idarə heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə TÜRKPA-nın fəaliyyəti, ölkəmizdə KOB-lara göstərilən dəstək və agentliyin bu istiqamətdə qanunvericilik təşəbbüsləri barədə məlumat verilib. Görüş çərçivəsində agentlik ilə assambleyaya üzv ölkələrin müvafiq qurumları, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatı (KOSGEB), Qazaxıstanın “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin TÜRKPA-ya üzv ölkələrin kiçik və orta sahibkarlıq sahəsini tənzimləyən qanunvericiliyin, alternativ maliyyələşdirmə sahəsində təcrübəsinin öyrənilməsində KOBİA-ya dəstək göstərilməsi, sosial, qadın və gənc sahibkarlıqla bağlı birgə tədbirlərin təşkili, TÜRKPA-nın agentliyin təşkilatçılığı ilə keçirilən tədbirlərdə iştirakı məsələləri müzakirə edilib.