KOLİN PAUELL: “ABŞ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TAM DƏSTƏKLƏYİR.”
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ABŞ-ın dövlət katibi Kolin Pauell Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova cavab məktubu göndərmişdir. Məktubda deyilir:
“Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair BMT Baş Məclisində Azərbaycanın mövqeyini əks etdirən məktubunuza görə sizə təşəkkürümü bildirirəm.
Sizi əmin etmək istərdim ki, Birləşmiş Ştatlar münaqişənin sülh yolu ilə həllinə sadiqdir və bu məqsədlə ATƏT-in Minsk qrupu çərçivəsində və daha geniş diplomatik səviyyələrdə fəal işimizi davam etdirəcəyik. Biz Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirik. Həmişə olduğu kimi, yenə hesab edirik ki, münaqişə özünün tam həllini tərəflər arasında aparılan danışıqlar nəticəsində tapmalı və onların mövqeləri nəzərə alınmalıdır.
Mən Azərbaycan Prezidenti və Ermənistan Prezidentinin Varşava və Astana şəhərlərində apardıqları intensiv danışıqları, həmçinin sizin və həmkarınız Vartan Oskanyan tərəfindən ötən il Praqa prosesində atılan mühüm addımları çox yüksək qiymətləndirirəm. Bu danışıqlar heç də asan keçməsə də, ümidverici və səmərəli olmuşdur. Sizin bu yaxınlarda Praqada keçirilməsi razılaşdırılmış, həll yolunun inkişaf etdirilməsinə yönələcək ətraflı danışıqlar aparacağınız məni çox sevindirir.
Sizin birgə səylərinizə ABŞ adından tam dəstəyi səfir Stiven Mənn verəcək və o, danışıqlar nəticəsində əldə ediləcək irəliləyişlər barədə məni ətraflı məlumatlandıracaqdır.
BMT Baş Məclisinə təqdim olunan qətnaməyə gəldikdə, mən hesab edirəm ki, ATƏT-in Minsk qrupu məsələni ATƏT çərçivəsində saxlayaraq, Azərbaycanın narahatlığının aradan qaldırılmasının praktik yollarını müəyyən edəcəkdir. Biz faktaraşdırıcı missiyanın tərkibində işləmək üçün ekspertləri göndərməkdən məmnunuq və mən bu ekspertlərin regiona səfərinin nəticələrini məmnuniyyətlə gözləyirəm.
Mən Azərbaycan xalqına və sizə ən səmimi arzularımı yetirir, yeni, 2005-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm irəliləyişlər olmasını və ölkələrimiz arasında mehriban münasibətlərin daha da güclənməsini diləyirəm”.